
Yusuf Suiçməz: "Müsəlmanların yaşadığı məhəllələrdə kilsə tikənlər ölkədə dini toqquşmalara zəmin yaradırlar"
ŞKTC Din İşləri Komitəsinin sədri Yusuf Suiçməzin "Həftə içi"nə eksklüziv müsahibəsi "Problemləri aradan qaldırmaq üçün lazımi sayda yetişmiş din xadimimiz yoxdur".
Bu yaxınlarda məlumat yayıldı ki, qısa vaxt ərzində Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) 300 ailə gözlənilmədən xristianlığı qəbul edib. Əlbəttə, 300 ailənin islamdan üz döndərməsinin cəmi 200 min nəfər əhalisi olan bu balaca dövlət üçün böyük mahiyyəti var. ŞKTC-də islamla bağlı bir çox problemin olduğunu, dini kursların açılmasının əngəllənməsi, müsəlman məhəllələrində kilsələrin tikilməsini əvvəllər də eşitmişdik. Amma durumun bu qədər böhranlı olduğunu ağlımıza da gətirməzdik. Xüsusən də hazırda Azərbaycanda da bəlaya çevrilmiş "Yəhva şahidləri"nin bu ölkənin müsəlmanları arasında parçalanma aparması bizi ŞKTC-nin Din İşləri Komitəsinin sədri - müftisi cənab Yusuf Suiçməzlə söhbətləşməyə məcbur etdi. İnsanların dinindən üz döndərməsinin səbəblərinə aydınlıq gətirən müfti bizə bunları dedi:
- Kıprıs türkləri dininə və türkçülüyə bağlı xalqdır və bağlardan qopmamaq üçün 1878-ci ildən bəri mübarizə aparır. Bildiyiniz kimi, ingilislər 1878-ci ildə də Kıprıs adasını kirayəyə götürüb və bununla da Anadoludakı qardaşlarımızdan uzaq düşdük. Məhz bundan sonra islam dini ilə bağlı düşüncələrimizdə müəyyən zəifləmə başladı. Osmanlı üsuli-idarəsindən sonra çətin vəziyyətdə yaşamışıq, islami inanclarımız tədricən zəifləyib və son 40 - 45 ildə isə Kıprıs müftiliyi adında bir qurumun olmasına baxmayaraq cənazələrin islami üsullara görə dəfn edilməsindən başqa bir formada özünü göstərə bilməyib. Bunun nəticəsidir ki, islami bilgiləri olmayan yeni nəsillər yetişib. Ona görə də 1 əsrdən artıqdır islami təhsil almayan bir xalqın dinindən uzaqlaşdığını demək olmaz. Bu xalq bayramlarda camilərə sığmır. Cənazə namazlarında dəstəmaz alıb son dini görəvlərini yerinə yetirmək, onlara dua etmək üçün camilərə can atırlar. Millətimiz heç vaxt dürüstlük, çalışqanlıq, təmizlik və təhsil kimi uca dinimizdən uzaq düşməyəcək. Kıprıs türklərinin islam dini ilə bağlı çatışmazlıqlarını qısa vaxt ərzində aradan qaldırmağa çalışırıq. Din İşləri Komitəsi olaraq qanuni görəvimiz bu xalqa dini məsələlərdə xidmət etməkdir. Əgər insanların dini məsələdə axsaqlığı varsa, bu məsələdə məsuliyyəti rəhbər orqanlar daşıyır və biz də öz günahımızı dərk edirik. Amma problemləri aradan qaldırmaq üçün lazımi sayda yetişmiş din xadimimiz yoxdur. Bu ehtiyacı ödəyəcək, din xadimi yetişdirəcək, təhsil verəcək yerli imkanlarımız zəifdir. Ona görə də Türkiyədə təhsil almaq, ya da ki orada oxumuş qardaşlarımızın yardımından yararlanmaq lazımdır.
- Cəmi 200 min nəfər əhalisi olan ŞKTC-də son 2 ildə 2 kilsə və 1 sinaqoq tikilib. Bəlkə bu kimi dini sərbəstlik insanları islama qarşı çıxarıb, qeyri-müsəlmanları isə meydana çıxaraq əl-qol açmağa həvəsləndirib?
- Bizim xoşməramlı xalq olduğumuzu tariximiz və mədəniyyətimiz isbatlayır. Uca islam dini də bu davranışı göstərməyi buyurur. Bir zamanlar fateh sultan Məhmət İstanbulu fəth edəndə oradakı xristianlara və diğər dinlərin ardıcıllarına xoş münasibət göstərdi. Kıprısın özündə Osmanlının fəthindən üzübəri, yəni 1571-ci ildən sonra tikilən kilsələrə baxın. Osmanlı dövründə bu ibadət ocaqlarının tikintisinə müsbət baxılıb və onlar qorunub. Doğrudur, indi burada xristian olmayan məhəllələrdə də kilsələr açılmaqda, kilsə-evlər fəaliyyət göstərməkdədir. Ancaq bu kilsələrin tikilməsi müsəlman türk xalqına təhdid sayılmamalıdır. Bu ölkəni başdan-başa kilsəyə çevirsələr də, xalqımız yenə də islamdan uzaqlaşmayacaq. Əsl təhlükə o vaxt yaranardı ki, məktəblərdə islama yer verilməz, camelər insanların üzünə bağlanar, uşaqları böyüklərinin cənazə namazında adi bir "Fatihə" surəsi oxuya bilməyəcək duruma salınar. ŞKTC-də isə vəziyyət belə deyil, insanlar islami bilgilərlə daha çox maarifləndirilir.
- Neçə vaxtdır ölkənizdə islam dini ilə bağlı kursların açılması problemə çevrilib. Buna baxmayaraq insanların xristianlığı mənimsəməsi üçün onlara niyə bu qədər sərbəstlik verirsiniz? Niyə islamı parçalayan missioner təşkilatların insanları istismar etmələrinə ŞKTC hökuməti olaraq göz yumursunuz?
- ŞKTC-də təxminən 25 il ərzində Din İşləri Komitəsinə sədr təyin olunmadı. Bunun nəticəsi olaraq illər ərzində dini təhsil almayan insanlar başqa dinlərə yönləndirildilər. Quran oxumağı bilməyən din xadimi bəlkə də yalnız bizim ölkədə olub. Son 4 - 5 ildir bu vəzifəyə sədr təyin olunub, yəni Kıprıs müftisü fəaliyyət göstərir. İndi-indi nələrsə etməyə çalışırıq ki, xalqımızın dini dəyərlərinin pozulmasına yönələn səylərin qarşısını ala bilək. Amma bəzi qüvvələr bütün bu fəaliyyətimizdən rahatsız olmaqdadırlar. Buna görə də təhrikedici, araqarışdıran tədbirlərə əl atırlar. Bəlkə də sayları çox azdır, amma insanlara təsir qüvvələri çox böyükdür. Biz din adamıyıq. Din adamı isə sevgi insanı deməkdir. Biz insanı "Allahın əsəri" olduğu üçün sevməyə, ona şəfqət dolu qollarımızı açmaqda davam edirik. Hətta bizə qarşı hədlərini aşacaq tərzdə çıxışlar etsələr də, mövqeyimizdən dönməyəcəyik. Peyğəmbərimiz Məhəmməd salavatullah Taifdə daşa basılarkən dişi qırıldıqda, qanlar içində qaldıqda göstərdiyi səbri, şəfqəti və sevgini xatırlayın. Əlbəttə, biz bu durumda deyilik, bu qədər çətinlik çəkmirik. Buna baxmayaraq biz də bu gün önümüzə çıxan əngəlləri peyğəmbərimizin göstərdiyi mətinliklə aşacağıq. Ümid edirəm ki, Kıprıs türkləri çox yaxın zamanda önündəki problemləri aşaraq arzuladığımız yüksək nəticəni əldə edəcək.
- Xristianlar deyirlər ki, ŞKTC-də islam içində yanlış məqamlar var. Yəni islami kursların açılmasını sünnilər dəstəkləyir, şiələr isə yox. Necə bilirsiniz: ŞKTC-də məzhəb ayrılığı bu qədər dərindir?
- Bunu deyənlər nəyi nəzərdə tuturlar, deyə bilmərəm, amma onu bilirəm ki, ŞKTC-də müsəlmanlar tək bədən kimi vahiddirlər. Şəxsən mən ölkəmizdə məzhəb ayrılığı barədə heç nə eşitməmişəm. Əslində, islamda hansı məzhəb "dini, Quranı öyrətməyin" deyir? Hər bir ölkədə islamın müxtəlif məzhəblərinə inanan insanlar yaşayır. Hətta bu məzhəblərin varlığı bəzən özünü bir-birinə müxalifətdə, bəzi hallarda isə açıq silahlı mübarizədə göstərir. Bütün səmimiyyətimlə deyə bilərəm ki, məzhəb mübarizəsinin heç vaxt gündəmə gəlmədiyi tək ölkə ŞKTC-dir.
- Xristianlığı qəbul edənlərin fikrincə, Kıprıs türkləri müsəlmandırlar, amma islamın heç bir şərtini bilmirlər, yəni yalançı müsəlmandırlar. Bəlkə ŞKTC xalqına məktəblərdən başlayaraq din tədris olunmalı, insanları islamın gerçək üzü ilə tanış etmək lazımdır... Dövlətinizin bu cür proqramlar həyata keçirmək niyyəti varmı?
- Bu və buna bənzər irəli sürülən tkliflərdən xəbərim var. Burada 2 məsələyə toxunmaq istəyirəm: 1. Bu bizim ölkəmizə, dinimizə xas deyil. Hər bir ölkədə, hər din mənsubunun digərinə görə fərqli düşüncəsi var. 2. Müsəlmanlar üçün ən önəmlisi onların "Əşhədu ən la-İlahə-İlləllah və əşhədü ənnə Muhammədun rəsulullah", yəni "Allahın bir (tək) olduğuna, Həzrəti Məhəmmədin Allahın elçisi olduğuna şahidlik edirəm" deməsidir. Kimin nə qədər bildiyi, kimin nə qədər səmimi olduğu, kimin nə qədər ibadət etdiyi və sair qiymətləndirmələr fərqli və daha mənəvi məsələlərdir. Dinimizin insana yaxınlaşmasını yaxşı başa düşmək lazımdır. Niyyət bu səbəbdən çox mühümdür. Təbii ki, islam dini haqqında əlimizdən gəldiyi qədər maarifləndirmə işləri aparacağıq. Məktəblərdə dinin tədrisini, camelərimizdə praktik din təhsilinin sürəkli hala gəlməsini, müqəddəs kitabımız "Qurani-Kərim"i öyrədə biləcəyimiz bir sistemi təşkil etmək və yay fəslində də qısamüddətli dini maarifləndirmə kursları açmaq istəyirik. İnşallah, yaxın gələcəkdə bunların hamısı reallaşacaq.
- "Yəhva şahidləri" Azərbaycanda da çox fəaldırlar, insanların beynini doldurmaqla dinlərindən uzaqlaşdırır, onları öz əqidələrinə tabe edirlər. Bəzən hətta o qədər qanunsuzluq edirlər ki, polis onlara qarşı tədbir görür. Bilirsiniz ki, Azərbaycan çox tolerant ölkədir. Buna baxmayaraq bəzən "Yəhva şahidləri"nin qanunlara məhəl qoymaması hökumətimizi tədbir görməyə məcbur edir, yəni nəzarəti gücləndirir. Siz də bu missionerlərə qarşı eyni davranış sərgiləyə bilməzsinizmi?
- "Yəhva şahidləri" və bir çox qrup ŞKTC-də sərbəst fəaliyyət göstərirlər. Buna rəğmən ölkəmizdə müsəlmanların, necə deyərlər, əl-qollarının bağlanmasını istəyirlər. Atdığımız hər bir addımın qanunlara uyğun olmasına çalışdığımız halda, bəziləri qanunlrı əllərində bayraq edərək qarşımızda əngəllər yaratmağa çalışırlar. "Yəhva şahidləri"nə və bu kimi qruplara isə tamamilə əks münasibət bəslənilir. Bütün bunlara baxmayaraq indiyədək ŞKTC-də 1 nəfər də olsun qeyri-müsəlmanın həbs olunduğunu eşitməmişəm. Onlar çox rahatdırlar. Bizim ölkədə narahat olanlar yalnız islama sitayiş edənlər və övladlarının dini təhsil almasını istəyənlərdir.
- Xristianlar istədikləri yerdə kilsə tikəndə niyə etiraz etmirsiniz? 1 nəfər də olsun xristianın yaşamadığı məhəllədə kilsənin ucaldılması siyasi məna daşımırmı?
- Doğrudur, bir nəfər də olsun xristianın yaşamadığı məhəllədə kilsə tikmək ölkədə dini qalmaqal yaratmaq niyyəti güdür. Onlar bununla dini toqquşmalara zəmin hazırlayırlar. Ona görə də biz həmişə müsəlman xalqımızı sakit olmağa, hadisələrə soyuq başla reaksiya verməyə çağırırıq. Amma məhəllələrdə kilsələrin tikilməsinə icazə verən yerli vəzifə sahibləri də öz mövqelərini yenidən nəzərdən keçirməlidirlər.
- Xristian missonerlərə qarşı islamçı missioner təşkilatları fəallaşdırmaq, məncə, yetərincə təsirli ola bilər. Əlbəttə, qanunları pozmadan... Bəlkə bu planı yoxlayasınız...
- İslamda təbliğ və irşad var. Bunlar isə missionerlikdən tamamilə fərqlidir. İslamda təbliğ və irşad etməyə səy göstərənlərin əsas məqsədi "Qurani-Kərim"də "Maidə" surəsinin 67-ci ayəsində ifadə edildiyi kimi, Allahın əmrlərinin, yəni rəsulullaha vəhy olunan Quranın mənəvi dəyərlərinin insanlara təbliğidir. Missionerlikdə isə beyinləri ovsunlanmış insanlar İsa Məsihin şagirdləri edilir, ya da ki Pavlusun vurğuladığı kimi, "nə olur-olsun insanlar ələ keçirilməlidir" təməl hədəf nəzərdə tutulur. Fərqi başa düşmək üçün yüz illərcə Osmanlının nəzarətində qalmalarına baxmayaraq Balkanlar, Yunanıstan, Egey adaları və digər bölgələrə baxmaq, orada yaşayanların nəyə görə xristianlığı atıb islama üz tutmamalarına diqqət yetirmək kifayətdir. Eyni zamanda xristianların işğal etdiyi Amerika qitəsində yerli inanc və mədəniyyətlərin necə sürətlə yox edilməsinə, xristian olmayanların ağır təzyiq və işgəncələrə məruz qalmalarına və adamların zorla xristianlaşdırılmalarına baxmaq lazımdır. Xristianların işğal etdiyi hər yerdə - Avstraliyada, Yeni Zelandiya və Afrika ölkələrində, eləcə də digər bölgələrdə bu cür zorakılığı görmək mümkündür. Müsəlmanlar isə 1400 il ərzində nəzarətlərində olan ərazilərdə yaşayan insanlara islamın dəyərini anladıblar, amma bu dini qəbul edib-etməməyi onların öz ixtiyarına buraxıblar.
Vüsal Tağıbəyli

.jpg)